"Danışıqların formatı ilə bağlı heç nəyi istisna etmək istəmirəm. Biz demişik ki, Ermənistan Respublikasının maraqlarından və bütövlükdə dövlətlərin suverenliyindən irəli gələn prinsiplər bizim üçün məqbuldur.". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın hakim "Mülki Müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirilən brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, Ermənistan XİN rəhbərinin Moskva səfəri də bununla bağlı olub: "9 noyabr bəyanatında heç bir ekstraterritoriyadan bəhs edilmir, çünki təklif yoxdur. Biz yolların blokunun açılmasından, hər bir dövlətin suverenliyi altında infrastrukturun yenidən işə salınmasından danışırıq. 

Biz Azərbaycanla ikitərəfli formatda danışıqlar aparırıq, rusiyalı tərəfdaşlarımızla onların platformasında danışırıq, Aİ tərəfdaşlarımızla müzakirələr aparırıq, Amerika Birləşmiş Ştatlarındakı tərəfdaşlarımızla, müxtəlif beynəlxalq platformalarda müzakirələr aparırıq. Azərbaycan rəsmiləri olanda görüşlər keçirilir, yəni müzakirələr çoxşaxəli olur və biz sülh gündəmini irəli aparmaq üçün bütün imkanlardan istifadə edirik. Ona görə də indi Ermənistan-Azərbaycan ikitərəfli dialoq nümunəsi var və biz Azərbaycana yolların açılması ilə bağlı çox konkret təkliflər göndərmişik".

Ağarza Elçinoğlu