Göygöl rayonunda “Göygöl Möcüzələri” adlı bayram şənliyi keçirilib.
"Unikal" xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, müharibə iştirakçıları və qazilər, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında qeyd edib ki, Novruz bayramı Azərbaycan xalqının ənənələrini, mədəniyyətini və birliyini simvolizə edən bir bayramdır. Uzun illər yalnız xalqın yaddaşında yaşadılan Novruz, bu gün Ulu Öndər Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində dövlət səviyyəsində qeyd edilir. Novruz bayramı, həm də Azərbaycanın müstəqillik mübarizəsinin və suverenliyinin qürur hissi ilə əlaqəlidir, çünki bu bayram xalqın milli birliyini və azadlıq istəyini vurğulayan ənənəvi bir hadisədir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz bayramının qeyd edilməsi həm Azərbaycanın dövlətçiliyini, həm də xalqın iradəsini simvolizə edir. Qəhrəman şəhidlərimizin canı bahasına düşmən tapdağından azad edilmiş torpaqlarımızda Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin bayram tonqalının alovlandırması dərin mənəvi və tarixi məna daşıyan hadisədir. Bu, Zəfər və Qayıdışın rəmzi, suverenliyin təsdiqi və xalqın birliyinin ifadəsi, Azərbaycan torpaqlarının öz sahiblərinin olduğunu, milli irsin bərpa edildiyini, Qarabağın artıq tam azad olunduğunu simvolizə edir.
Sonra od timsalı, müqəddəslik rəmzi və Novruz atributu olan bayram tonqalı alovlandırılıb. Tədbir bədii proqramla davam etdirilib, incəsənət ustadlarının, musiqiçilərin, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının və məktəb şagirdlərinin rəngarəng mahnı və rəqsləri təqdim olunub. Bayram tədbirində həmçinin xalq sənətkarlığı nümunələri və yazın gəlişini əks etdirən rəsm əsərləri nümayiş olunub. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Bahar qızının təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.