İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
***
08:59
Qazaxda 4 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndinin mərkəzində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan "BMW" markalı minik maşını idarəetmədən çıxıb.
Nəticədə minik maşını yol kənarındakı divara çırpılıb.
Ağır qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov