İslam Həmrəylik Oyunlarının keçiriləcəyi tarix məlum oldu

Azad Rəhimov: "İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq"

2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub.
İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında məlumat verilib. Bildirilib ki, IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.
Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, "Baku Crystal Hall", Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, "İnter Arena", Bakı Olimpiya Kompleksi, "Bakcell Arena", Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
İslam Həmrəylik Oyunları Azərbaycanda növbəti bir idman bayramı olacaq. Bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında çıxışında deyib. A.Rəhimov qeyd edib ki, Azərbaycan Oyunlar keçirilməsi istiqamətində lazımi addımlar atır. Nazir xatırladıb ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən Təşkilat Komitəsi yaradılıb.
Nazir bildirib ki, Azərbaycanın bu cür beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var.
Azərbaycanın Birinci Avropa Oyunlarına və digər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini vurğulayan A.Rəhimov bildirib ki, İslam Həmrəylik Oyunları da idman bayramı kimi qeyd olunacaq və unudulmaz anlar yaşanacaq.
Nazirin sözlərinə görə, Oyunlarda ən azı 1500 heyət üzvü və 5 mindən çox idmançı iştirak edəcək.
Fuad