Şəmkir rayon Polis İdarəsinin əməkdaşları, ötən ilin oktyabrında öz həyat yoldaşı Bahar Pirqələmovanı xüsusi qəddarlıqla qətlə yetirmiş 38 yaşlı Ramiz Əskərovu saxlayıblar.
Unikal.org xəbər verir ki, bu barədə istipress-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Cinayət Rusiyanın Sankt-Peterburq şəhərində törədilib. Bununla əlaqədar olaraq Əskərova qarşı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi açılıb.
Bununla yanaşı, Şəmkir RPİ-dən verilən məlumata görə, Əskərov özü yanvarın 9-da polisə gələrək günahını boynuna alıb. O, etiraf edib ki, arvadını Sankt-Peterburqun Frunze rayonundakı meşəyə aparıb. Orada qadının başını kəsib, cəsədini yandırıb və sonra qalıqlarını basdırıb.
Cinayətdən dərhal sonra o, Azərbaycana qaçıb. Qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanları qətllə bağlı, yalnız Əskərov saxlanılandan və Azərbaycan polisi bu barədə onlara məlumat verəndən sonra xəbər tutub.
Hazırda Sankt-Peterburq polisi meşədə Pirqələmovanın cəsədini axtarır. Hələlik axtarışlar müsbət nəticə verməyib. İlkin məlumata görə, Əskərov arvadını qısqanclıq zəminində öldürüb.