Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı saxlanılıb.
Unikal.org xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 1962-ci il təvəllüdlü Şümeysət Abdulməcid qızı Əliyeva və qızı 1983-cü il təvəllüdlü İlahə Güloğlan qızı Əliyevanın yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirilib.
Tədbir nəticəsində evdən hal şahidlərinin iştirakı ilə 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446,27 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Aparılan əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, qeyd edilən narkotik vasitəni onlara tanışları və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Mahmalar kənd sakini 1984-cü il təvəllüdlü Kamran Cəlaləddin oğlu Babayev verib.
Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46,93 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tədbir nəticəsində hər üç şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.