Qızının təklifi ilə onun rəfiqəsi Gülnaz Abdullayevadan külli miqdarda borc alan ata Rusiyadan taxta-şalban gətirəcəyini, əldə olunan qazancdan ona da xeyir qalacağını vəd edib. Borca götürdüyü pulları qəpiyinə qədər övladına verən ata ondan bu qədər pulu nə etdiyini soruşduqda "borclarım var, mənim işimə qarışma cavabını alıb. Bir müddət sonra isə həm özünün, həm də qızının barəsində cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 45 yaşlı Bəturə Qasımova və atası 72 yaşlı Məmmədağa Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.
Cinayət işinin başlanmasına səbəb Bakı şəhəri, Yasamal rayon sakini Gülnaz Abdullayevanın Bəturə Qasımovaya və onun atası Məmmədağa Qurbanova iş qurmaq adıyla 67 min 500 dollar verməsi, lakin heç bir iş görülmədiyinə görə pulunun qaytarılması barədə şikayət ərizəsi yazması olub.