"Melburn Siti" futbol klubunun oyunçusu Tim Kexill hələ oyuna çıxmamış, hakimin qırmızı vərəqəsinə tuş gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident "Melburn Siti" - "Melburn Viktori" qarşılaşmasının sonlarına yaxın baş verib. Həmin vaxt 37 yaşlı futbolçu oyuna çıxmağa hazırlaşırdı.
Oyunun 84 dəqiqəsinə qədər "Melburn Siti" 1:0 hesabla öndə olub. Daha sonra "Melburn Viktori" hesabı bərabərləşdirib. Oyunun son dəqiqələrində isə "Melburn Siti"nin müdafiəçisi avtoqolun müəllifinə çevrilib. Oyunun yan xətt hakimi oyundan kənar vəziyyət qeyd aldığından, qolu saymayıb. Baş hakimsə həmkarının qərarını ləğv edib. Bundan sonra oyunda qarışıqlıq yaranmağa başlayıb.
Kexill oyuna daxil olmağa hazırlaşarkən hakimin qulağına nəsə pıçıldayıb. Bundan sonra hakim ona qırmızı vərəqə göstərib.
Avstraliya futbol yığmasının keçmiş oyunçusu Mark Bosniç Fox Sports-a müsahibəsində bildirib ki, Kexill hakimi böyük ekrana baxmağa çağırıb və qərarın haqsız olduğunu bildirib.