Bakıda, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları martın 19-da başa çatıb.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, turnirin sonuncu günündə müxtəlif hərəkətlər üzrə final yarışları keçirilib.

Azərbaycan gimnastı Marina Nekrasova sərbəst hərəkətlərdə bürünc medal qazanıb. O, finalda 12.833 xal yığaraq ən yaxın rəqibi yunanıstanlı gimnast İoanna Suloqini 0.2 xal qabaqlayıb. Bu hərəkət üzrə qızıl medalı 13.433 xalla rumıniyalı gimnast Katalina Ponor qazanıb. Gümüş medala isə 13.400 xalla avstraliyalı gimnast Emili Littl sahib olub.

Kişilər arasında turnikdə hərəkətlər üzrə yarışın finalında yaponiyalı gimnast Naoto Hayasaka birinci yeri tutub. O, 14.333 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə 14.000 xalla Xorvatiya gimnastı Anton Kovaçeviç, üçüncü yerdə 13.866 xalla Litva gimnastı Tomas Kuzmiçkas qərarlaşıblar.

Dünya kubokunda kişilər arasında gimnastika atı üzərində hərəkətlərin finalında Çin gimnastı Hao Venq 15.400 xalla birinci yerə yüksəlib. Macarıstan təmsilçisi Kristian Berki 15.266 xalla ikinci, xorvatiyalı Filip Ude 15.200 xalla üçüncü olublar.

Bakının artıq ikinci ildir ev sahibliyi etdiyi dünya kubokunda 23 ölkədən 85 kişi və 35 qadın idmançı iştirak edib. Hazırkı Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında keçirilən yarışlarda kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparıblar.