Zibil qutusunun üstündə yazılmış "Цвет имеет значение ("Rəngin əhəmiyyəti var) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Moskvada zibil qutuları bayrağımızın rəngləri ilə boyanıb. Bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün "Facebook səhifəsində paylaşıb. O, zibil qutularının yazıda təqdim olunan fotolarını Rusiya paytaxtındakı "Mega Ticarət Mərkəzində çəkib.
Şəkillərdən göründüyü ki, zibil qutularının üzərində Azərbaycanın dövlət bayrağındakı rənglər həkk olunub.
Zibil qutusunun üstündə yazılmış "Цвет имеет значение ("Rəngin əhəmiyyəti var) yazısı isə bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.
Qeyd edək ki, bu, Rusiyadan Azərbaycana qarşı ilk sayğısızlıq deyil və yəqin ki, sonuncu da olmayacaq.
Buna qədər də şimal qonşumuz rəsmi və ya qeyri-rəsmi səviyyədə Azərbaycana yönəlik yumşaq desək, dözümsüz münasibətini heç vaxt gizlətməyib. 30 il əvvəl Dağlıq Qarabağ münaqişəsini alovlandıran Rusiya, SSRİ-nin süqutundan sonra Azərbaycan ərazilərinin işğal olunmasında birbaşa iştirak edib. Qarabağ müharibəsinin davam etdiyi müddətdə ermənilərə hərbi, siyasi, iqtisadi və informasiya dəstəyi verən Kreml bu siyasətini indi də davam etdirməkdədir.
Moskvada Dağlıq Qarabağ separatçı rejiminin "daimi nümayəndəliyinin fəaliyyət göstərməsi, bu rejim təmsilçilərinin Rusiyaya intensiv səfərlərinin təşkili və onlara Rusiya mediasında həvəslə tribuna verilməsini xatırlatmaq kifayətdir. Son dövrlərdə isə bu həyasızlıq o həddə çatıb ki, Rusiyada nəşr olunan bir sıra ensiklopediyalarda Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejim "müstəqil dövlət statusunda göstərilib.
Qısaca desək, Rusiya kimə dost, kimə düşmən olduğunu hər addımda ən açıq formada nümayiş etdirməkdədir. Dövlət bayrağımıza həqarət isə bu münasibətin tərkib hissəsidir.
"Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək.
Bunu "Reporta hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: "Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır.
A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: "Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək.