Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib.

Unikal.org qurumun saytına istinadən xəbər verir ki, iclasda Baş prokurorun müavini Xanlar Vəliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, son illər ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Bildirilib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə də qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərinin sayı 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı 3,4 faiz azalıb.

2016-cı illə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə 21 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb. Bununla belə, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilib. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunub.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 2070 müraciətinə baxılıb, mərkəzi aparatda 973 vətəndaş qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3431 vətəndaşın fərdi qəbulu aparılıb.

Hərbi prokurorluğun 11 əməkdaşı xidməti və icra intizamında dəqiq olmadığı üçün Baş prokuror və hərbi prokurorun əmrləri ilə intizam məsuliyyətinə cəlb ediliblər.