Yanvarın 26-da gecə saatlarından başlayaraq cənub bölgəsinə yağan qar yaşayış məntəqələrində avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb. Yolların qardan təmizlənməsinə ağır texnika və canlı qüvvələr cəlb olunub.

Unikal.org xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Lerik şəhərində qarın hündürlüyü 20-25, rayonun Orand, Nuravud, Pirəsora, Sorçay ərazilərində isə 25-30 santimetrə çatır.

Yardımlı rayonuna yağan qarın hündürlüyü də ucqar kəndlərdə 25-30 santimetr təşkil edir.

Cənub bölgəsində havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 6-7 dərəcə şaxta müşahidə olunur.

Hər iki rayonda elektrik enerjisi və təbii qazın verilişində problem yaranmayıb.

Qeyri-sabit hava şəraitinin yanvarın 29-dək davam edəcəyi proqnozlaşdırılır.