İsveçrənin Möntrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatını Azərbaycan milli komandası bir dəst medalla başa vurub.

Unikal.org-un "Report"a istinadənməlumatına görə, sonuncu yarış günündə Payam Qubadi Uqaz bürünc medala sahib olub.

87 kq çəki dərəcəsində çıxış edən iranlı legioner ardıcıl olaraq, xorvatiyalı Nikola Boyonu 4:0, fransalı MBar NDiayeni 3:0, böyük britaniyalı Damon Sansumu 1:0 hesabı ilə yenərək, yarımfinala çıxıb. Finala gedən yolda Qubadi rusiyalı Vladislav Larinə 0:10 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində ilk görüşdəcə gözlənilmədən ukraynalı Mixaylo Şelestə 4:5 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.