Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev yenicə transfer olunduğu "Krılya Sovetovda debüt matçına çıxıb. Şeydayevin komandası doğma meydanda Moskva "Lokomotivi ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Unikal.org xəbər verir ki, Ramil 81-ci dəqiqədə qoşulduğu oyundan sonra Rusiya mətbuatına açıqlama verib:

"Heç nə edə bilmədik, nəticədə uduzduq. Hava topları uğrunda mübarizələrdən qalib ayrılmalı, sıx oynamalı idik. İnanıram ki, gələcəkdə daha yaxşı olacaq. Artıq bir həftədi komanda ilə çalışıram. Oynamağa hazıram. Baş məşqçimiz nə desə, o da olacaq".

22 yaşlı hücumçu "Krılya Sovetovun Rusiya Premyer Liqasının saytında göstərilən heyətində özünün Rusiya vətəndaşı kimi təqdim olunması ilə bağlı suala əsəbi cavab verib:

"Bu barədə bilmirəm, rəhbərlikdən soruşun. Mən futbolçuyam, belə işlərə burnumu soxmalıyam?"