İki gün əvvəl Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turu boykotla yadda qalıb. Belə ki, meydançada ilk oyunda “80-lər” və ADNSU komandaları çıxış etməli idi. Ancaq hakim start fitini səsləndirsə də hər iki komandanın oyunçuları mübarizə aparmaq yerinə meydançanı tərk edib.
Unikal.org xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə paylaşılıb. Basketbolçuların boykot səbəbi federasiyanın rəhbəri, keçmiş Dövlət Əmlak Komitəsinin sabiq sədri Nadir Nəsibovdur.
İdmançılar federasiyanın rəhbərliyinin dəyişməsini tələb edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, onlar yeni rəhbərlik gələnə qədər istər milli komanda şəklində, istərsə də klublar olaraq heç bir yarışda iştirak etməyəcəklərini dilə gətiriblər. Bundan öncə də rəhbərliyə etiraz edən basketbolçular, normal maaş, yaxşı şərait və təlim-məşqləri üçün bazanın ayrılmasını tələb ediblər. Bundan öncəki etirazda rəhbərlik problemlərin həll olunacağını desə də sözünün üzərindı durmayıb.
Bu səbəbdən də basketbolçular etirazlarını boykotla nümayiş etdiriblər. Millimizin üzvlərinin Unikal.org-a bildirdiyinə görə, əgər onların problemi həll olunmasa boykot yenidən baş tutacaq. Hazırda Federasiya rəhbərliyi basketbolçularla razılaşmağa çalışır.
Məlumata görə, Avropa Oyunları və İslam Oyunları ərəfəsində milli komandaya gətirilən əcnəbi idmançılar da yığmanı tərk edib.