Parataekvondoçularımız uğurlu çıxışlarını davam etdirir.

Paralimpiya Komitəsindən Unikal.org-a verilən məlumata görə, 20 fevral tarixində Misirin Hurghada şəhərində keçirilən Afrika açıq çempionatında dörd idmançı ilə təmsil olunan parataekvondo Paralimpiya Milli Komandamızın üzvləri reytinq xallarını artırıb. Belə ki, K42 və K43 75 kq çəki dərəcəsində mübarizəyə qatılan komandamızın kapitanı Nicat Müslümov hər iki kateqoriyada qızıl medal qazanaraq yarışın qalibi olub.

Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44 -49 kq) və Aynur Məmmədova (K44 +58 kq) final döyüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Digər kişi idmançımız Elimxan Manafovun (K43 -61 kq) isə yarımfinal mərhələsində rəqibi keçilməz olub.

Komanda hesabında millimiz üçüncü yerə layiq görülüb. Yarışın ən güclü idmançısı isə Nicat Müslümov seçilib.

Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının yarışdığı beynəlxalq reytinq turnirindən iki qızıl, iki gümüş və bir bürünc medalla vətənə dönür.