Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil.
Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, klubun maddi problemləri mövcuddur.
Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir.
Əldə etdiyimiz digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur.
Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir.
“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov klubda yoxlamaların olmasını təsdiq edib. Lakin o bildirib ki, bu yoxlamalar Vergilər Nazirliyi tərəfindən yox, AFFA-nın daxili auditləri tərəfindən aparılır: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditləri tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir. Heç bir problem də aşkarlanmayıb”.