27 fevral 2019-cu il tarixdə Pekin şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət İqtisadi Əməkdaşlıq komissiyasının 7-ci iclası çərçivəsində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyevlə Çinin Gənclər federasiyası baş katibinin müavini xanım Dong Xia arasında görüşü keçirilmişdir.
GİN-dn Unikal.org-a verilən məlumata görə, görüş çərçivəsində hər iki ölkədə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlığın davam etdirilməsi məqsədi ilə bir sıra məsələlər müzakirə edilmişdir. Müzakirələr çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə yeni Sazişin imzalanması ilə bağlı razılıq əldə edilmişdir.
Sazişdə Azərbaycan və Çin gəncləri arasında mübadilə proqramlarının aparılması, hər iki ölkədə keçirilən tədbirlərdə gənclərin iştirakının təmin olunması, gənclər sahəsinə məsul şəxslərin təcrübə səfərlərinin gerçəkləşdirilməsi, məşğulluq, biznes inkubatorlarının inkişafı, gənc sahibkarlara dövlət dəstəyinin təşviq edilməsi ilə bağlı razılıq əldə edilmişdir.
Eyni zamanda, Çində təhsil alan Azərbaycanlı tələbələrin və gənclərin Çinin böyük şirkətlərində təcrübəçi kimi çalışmalarına dair də razılıq əldə olunmuşdur.