Martın 4-də Bakıda futtennis üzrə açıq beynəlxalq turnir (Baku Open 2-nd İnternational Foottennis Tournament) keçiriləcək.
Azərbaycan Futnet Federasiyasının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ardıcıl ikinci ildir təşkil olunan turnirdə 5 ölkədən 8 komanda çıxış edəcək. Yarışda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Pakistan komandaları mübarizə aparacaqlar.
Ölkəmiz bu turnirdə 4 yerli komanda - futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri “ASTA”, “EGE Hospital”, “Leon” və “Marafon” komandaları ilə təmsil olunacaq.
Turnir hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə keçiriləcək. Qrup mərhələsində I və II yerləri tutmuş komandalar yarımfinalda görüşəcəklər və bu qayda ilə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Futnet Federasiyasının təşkil etdiyi turnirin püşkatma mərasimi martın 3-də baş tutacaq.