Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Unikal.org-un məlumatına görə, lider "Neftçi" debütant "Sabah"ı qəbul edib.
"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu "9-luğ"a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Dabo qoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.
Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.
Bu qələbə sayəsində xallarını 41-ə çatdıran "Neftçi" ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik "Sabah" isə 5-ci pillədə qalıb.
Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə edib - 0:0. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.