Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişikliklər edib.

Unikal.org-un məlumatına görə, bu barədə qərar IFAB-ın 133-cü illik yığıncağında qəbul olunub.

Dəyişikliklər bunlardır:

1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa cəzalanacaq;

2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;

3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;

4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;

5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdırlar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Qeyd edək ki, qaydalardakı dəyişikliklər iyunda qüvvəyə minəcək.