“Azərbaycanla matçda nəticə daha yaxşı ola bilərdi. Amma seçmə mərhələnin ilk oyunudur. Bu üzdən hər şey qaydasındadır”.
Unikal.org-un məlumatına görə, bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.
AVRO-2020-nin seçmə mərhələsində keçirilən Xorvatiya – Azərbaycan oyununu izləyən ölkə rəhbəri həmyerlilərinin 2:1 hesabı ilə qalib gəldiyi matç barədə fikirlərini açıqlayıb: “Hamı gördü ki, futbolçularımız meydanda dominantlıq edirdi. Lakin imkanlardan yararlanmırdıq. Rəqib isə iki şansdan birində qol vurdu. Müdafiə və yarımmüdafiədə çox futbolçumuz var idi. Hərçənd oyun meydanın rəqibə aid hissəsində keçirdi. Ona görə daha çox hücumçumuz olmalı idi. Hesab edirəm ki, daha aqressiv oynamalıyıq. Mən həmişə “risk yoxdursa, qazanc da yoxdur” prinsipinə üstünlük verirəm".
Ölkəsinin mətbuatına danışan Xorvatiya prezidenti milli komandanın növbəti matçını da stadiondan izləyəcəyini bildirib: "Bazar günü keçiriləcək qarşılaşma daha yaxşı olacaq. Macarıstanda daha dinamik futbol izləyəcəyik. Mən oyuna birbaşa baxmaq üçün Budapeştə yollanacağam. Həmin matçda da qələbə gözləyirəm. Təbii ki, üç xal üç xaldır. Amma futbolçular bir az oynamalı, aqressiv olmalıdır”.