"Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayan komandamız bu gün "Bakcell Arena"da Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Yeni baş məşqçi Yurçeviçin millimizin "sükanı arxası"ndakı ilk ev oyunu qolsuz heç-heçə ilə başa çatıb.
Xorvatiyalı mütəxəssis mətbuat konfransında oyunu dəyərləndirərkən bildirib ki, qələbə qazanmaq üçün hər şeyi ediblər: "Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım".