AFFA İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, AFFA-ın məlumatında əsaslandırılmamış qərara təəssüf edildiyi qeyd olunub.

"Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi", - deyə məlumatda bildirilib. 

Xatırladılıb ki, yarımmüdafiəçinin təhlükəsizliyi ilə bağlı zəmanət verilmişdi: 

"Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”. 

Qeyd edək ki, mayın 29-da Bakıda "Arsenal" və "Çelsi" komandaları arasında futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.