Almaniyada yaşayan pensiyaçı kişinin cəsədi öldükdən 8 il sonra evdə tapılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tək yaşayan Heinz H. adlı kişi 2011-ci ildə vəfat edibmiş. Onun itinin də acından öldüyü məlum olub. Kimsəsi olmayan yaşlı kişinin skeletə dönmüş cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Belə ki, binanın birinci mərtəbəsində yanğın olması ilə bağlı xəbərdarlıq alan yanğınsöndürənlər orada yaşayan insanları təxliyə edib. Yaşlı kişinin yaşadığı evin qapısını nə qədər döysələr də açan olmayıb. Bu səbəblə də onlar zorla içəri daxil olub. Gördükləri mənzərə qarşısında dəhşətə gələn yanğınsöndürənlər dərhal polisə müraciət edib. Heinzin qonşuları da sorğuya çəkilib. Onlar yaşlı kişinin daha əvvəl itini gəzdirmək üçün tez-tez həyətə düşdüyünü bildirib.

"Mən onu sonuncu dəfə 8 il əvvəl görmüşəm. Arqılamışdı. Daha sonra görünmədi. Poşt qutusu da dolu idi. Hətta polisi də aradım. Ancaq indi burada yaşamayan bir qonşumuz onun başqa şəhərə getdiyini söyləyincə polislər uzaqlaşdı", deyə bina sakinlərindən biri deyib.

Kişinin ölüm səbəbi isə araşdırmadan sonra bəlli olacaq.