Abşeron rayon Polis İdarəsi və prokurorlu birgə məlumat yayıb.
Unikal.org-a daxil olan məlumatda deyilir:
"Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Belə ki, dekabrın 22-də, saat 18 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, “Yeni Qobu” avtomobil yolunda naməlum sürücünün idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada 1940-cı il təvəllüdlü Əliyeva Xalidə Fətəli qızını vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Vektra” markalı 10-UE-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Zəkiyev Elnur Zabit oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Elnur Zəkiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur".