Ağstafa rayonu "Yaşıl Göl" ailəvi istirahət mərkəzindən götürülən 2 ayı və 2 canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Xidmət rəisinin müavini bildirib ki, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulov barəsində isə akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.
A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qəti əleyhinəyik və bu, vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla da yolverilməz hesab olunur:
“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.