Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinə Varşava ilə Berlin arasındakı söhbəti ələ keçirməkləri barədə məlumat verib.
Unikal.org xəbər verir ki, Belarus prezidenti həmin söhbətin Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnının zəhərlənməsi bəyanatını təkzib etdiyini bildirib.
“Rusiyadakı hadisələri müşahidə edərkən fikir vermişəm ki, Qərbdə yeni “hoqqa” yaranıb – yenə “Noviçok”, yenə zəhərlənmə. Dünən-sırağa gün... Merkel çıxışında bildirmişdi ki, Navalnının ağzını yummaq istəyiblər, biz söhbəti ələ keçirmişik... Varşava və Berlin arasındakı söhbəti bizim radioelektron hərbi kəşfiyyatımız ələ keçirib”, - Lukaşenko Mişustinə deyib.
Onun sözlərinə əsasən, Navalnını zəhərləməyiblər: “Mən belə başa düşürəm ki, Merkel və onun administrasiyasının etdiyi bəyanat bir qrup mütəxəssis tərəfindən hazırlanıb. Onlar bunu Putinin Belarusun işlərinə qarışmaq həvəsini öldürmək üçün ediblər”.
Lukaşenko bunun kimə lazım olduğunu aydınlaşdırmaq üçün səs yazısını Moskvaya göndərməyə söz verib.
Xatırladaq ki, sentyabrın 2-də Almaniya mütəxəssisləri Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının zəhərləyici hərbi maddə "Noviçok"la zəhərləndiyini açıqlayıblar.