İLHAM ƏLİYEV: AZƏRBAYCAN BAYRAĞI ŞUŞADA DALĞALANIR!

Azərbaycan tarixinin, mədəniyyətinin incisi, xalqımızın qürur yeri, ləyaqət rəmzi Şuşa iyirmi səkkiz illik ayrılıqdan sonra yenə də bizimdi! Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhraman Azərbaycan ordusu tarixi qələbəyə imza ataraq Şuşanı düşmən tapdağından azad edib. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu hadisə Prezident İlham Əliyevin hələ 2010-cu ildə dediyi sözləri yada salır:

“Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bu sözlərin deyildiyi tarixdən bizi indi on illik zaman fasiləsi ayırır. On il bu cür nəhəng, həm də taleyüklü missiyaları həyata keçirmək üçün o qədər də böyük vaxt deyil. Amma Azərbaycan Prezidenti xalqın Şuşa arzusunu qısa vaxtda reallaşdırdı, inanılmazı gerçəyə çevirdi. Elə bir tarix yazdı ki, illər, əsirlər keçəcək, amma Azərbaycan xalqı bu tarixi günü və onun memarını unutmayacaq.  Çünki O, sözünün üstündə duran Prezidentidi! O, hər zaman sözünə sadiq olub, nəyi deyibsə onu da edib!


Artıq Şuşa azaddır! Azərbaycanın, bütünlükdə Qafqazın incisi olan bu şəhərdə indi Azərbaycan bayrağı dalğalanır. Bir aydan çoxdur şanlı ordumuzun Qarabağın işğaldan azad olunması ilə bağlı zəfər yürüşünə şahidlik edən üçrəngli bayrağımız indi də Şuşanın qədim qala divarlarının üstündə düşmənə köks ötdürür, dostlarımızı sevindirir. 

VƏTƏN BAYRAĞIMIZLA BÜTÖVLƏŞİR

Müharibə başlayandan bir aydan çox vaxt keçir, amma biz bu günlər ərzində xalqımızın elə keyfiyyətlərini görmüşük ki, bunlarla ancaq qürur duymaq olar. Millətin bir yumruğa dönüb öz milli davası ətrafında sıx birləşməsi, xalqın öz Prezidentinin ideyalarına sadiqliyi, dövlətimizin taleyüklü məsələsində nümayiş etdirdiyi qeyrət inanılmaz ruh yüksəkliyi yaradır. Çünki Qarabağ xalqın da, dövlətin də milli hədəfləri arasında heç vaxt arxa plana keçməyib, o, hər zaman birinci olub. Qarabağın nisgili kimliyindən asılı olmayaraq hamımızın qəlbini göynədib və indi onun azadlığı uğrunda gedən savaş yaralarımızı sağaldır. Şəhidlərimizin qanı yerdə qalmır, xalqın illərlə gözlədiyi həsrətə son qoyulur, Azərbaycan yenidən ucalır, Vətənin bütövləşməsi prosesi gedir. 
Bu zəfərin qəhramanlarından biri də Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu dövlət bayrağıdır və Azərbaycan əskəri onu işğaldan azad etdiyi hər kənddə, hər şəhərdə, dövlət sərhədində qaldırır. Çünki o, ordumuzun, daha geniş mənada xalqımızın qalibiyyət rəmzidir. O, müstəqilliyimizin müqəddəs simvolu, millətin qalib ruhunun təntənəsidir. Dövlət bayrağına hörmət və ehtiram hər bir azərbaycanlının həyat idealı, milli fəxarət məramıdır. Ona görə də ordumuzun şanlı qələbəsinə ancaq bu cür gözəllik yaraşar. 

9 NOYABRIN FƏLSƏFƏSİ

Bu gün xalqımız özünün ən gözəl bayramlarından birini - Bayraq Gününü qeyd edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə təsis edilən və o vaxtdan da hər il qeyd olunan Bayraq Günü üçrəngli bayrağımızın xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətini göstərən tarixi günlərdəndir. Dövlət başçısının bu qərarı əslində bayrağın Azərbaycan xalqının mənəvi dünyasındakı yerini, onun özəlliyini əks etdirirdi. Bu, göstərirdi ki, Azərbaycanın dövlət rəmzlərinə hörmət və ehtiram Prezident İlham Əliyevin fəaliyyətində prioritet istiqamətdir. Bu günün təsis edilməsi bir tərəfdən qədim tariximizə, dövlətiçilik ənənələrimizə verilən yüksək dəyərdən qaynaqlanırdısa, digər yandan da bayrağımızın dövlət rəmzləri arasında siyasi, mənəvi əhəmiyyətini artırdı, bir bayraq altında birləşən vətəndaşlarımızda azərbaycançılıq hisslərini daha da möhkəmləndirdi. 

BAYRAĞIMIZ İSTİQLAL VƏ AZADLIQ RƏMZİDİR!

Prezident İlham Əliyevin məhz noyabrın 9-nu Bayraq Günü elan etməsinin öz rəmzi mənası var. Çünki üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da qəbul olunub. Ona qədər isə Azərbaycan aydınları Azərbaycan bayrağının ideya məzmununu verdilər. “Türkləşmək, islamlaşmaq və müasirləşmək” Azərbaycan Xalq Cümhuriyyətində ideoloji prinsip səviyyəsinə qaldırıldı, istiqlal və azadlıq rəmzi olan üçrəngli milli bayrağın fəlsəfi mənasını ehtiva etdi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumət başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi. Bununla da uzunəsrlik Azərbaycan dövlətçiliyinin tarixində olduqca mühüm və şanlı hadisə baş verdi. Dövlətimizin, milli ideologiyamızın əsas simvolu olan üçrəngli bayrağımız dünyaya gəldi.

Bu bayrağın əzəmətinə xalqımız 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılışı zamanı da şahid olmuşdu. Bu, müstəqil dövlətin parlamentinin üçrəngli bayraq altında dünyaya ilk demokratiya nümayişi idi. Daha bir mühüm hadisə 1919-cu ildə baş vermişdi. Paris sülh konfransına yollanan Azərbaycan nümayəndə heyəti bu beynəlxalq toplantıya üçrəngli bayrağımızla qatılmışdı. Bu hadisələr Azərbaycan tarixinin unudulmaz anlarıdı. Çünki bayrağımız tarixdə ilk dəfə Azərbaycan adlanan bir dövlətin bayrağı idi. Üçrəngli bayrağımız həm də bizim bir dövlət, bir millət kimi mövcudluğumuzun nişanəsinə çevrildi. Bu, elə bir güclü hissdir ki, onun formalaşması üçün nə qədər zəhmət tələb olunub, bu yolda biz çoxlu qurbanlar versək də, sonda xalqımızın qəhraman övladları onu başımız üstünə qaldıra bilib və bu gün Azərbaycanı bu üçrəngli müqəddəsdən ayrı təsəvvür etmək sadəcə, mümkün deyil. Böyük ictimai xadim, publisist, dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ildə “Azərbaycan” qəzetində dərc olunan “Bayrağımız sarsılmaz” adlı məqaləsində yazırdı: “O ağac sınmaz, o nur sönməz, o əl dönməz!!! Çünki bayrağımız, həqq bayrağıdır. O bir millətin hüquqi bəşəriyyəsinin harisidir. Bir mil¬lət ki, onun da insan kimi yaşamağa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir! Nahaq səy! Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, həqq və hürriyyət bayrağı enməz, sarsılmaz!”.

1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğal etməsi ilə müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın da mühacirət həyatı başladı. 70 illik sovet əsarəti üçrəngli bayrağı bizə unutdura bilmədi, bu üç rəngin sehri millətin yaddaşından əsla silinmədi. Millət onun özünü qoynunda, fəlsəfəsini isə yaddaşında qorudu. Sosialist ideyalarının hakim olduğu, repressiya terrorunun tüğyan etdiyi illərdə də bayraq öz mahiyyətini itirmədi, millətin qanına hopmuş bu möhtəşəm həqiqət bir gün yenidən günəş kimi doğacağına sanki hamını inandırdı.

HEYDƏR ƏLİYEV: BAYRAQ MÜSTƏQİLLİYİMİZİN RƏMZİDİR!

1988-ci ildə Azərbaycan xalqı öz iradəsini ifadə edib müstəqillik arzusu ilə meydanlara axışanda hələ Sovet İttifaqı dağılmamışdı, amma üçrəngli bayraq meydana gətirildi. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda dalğalandı. Bu, Azərbaycan xalqının qan yaddaşı idi, bu, tarixi yaddaşının bərpası idi. Bu hadisədən təxminən üç ay sonra - 1991-ci il fevralın 5-də ictimaiyyətin tələbi ilə Azərbaycan Ali Soveti dövlət bayrağı haqqında qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul etdi. Bununla da bayrağımızın taleyində böyük tarixi mərhələ başladı. Bu dövrün əsas xüsusiyyəti isə onun müstəqilliyi şərtləndirməsi idi. Üçrəngli bayrağımız o zaman başımızın üzərinə qaldırılmışdı ki, ölkəmiz yenidən müstəqil olmuşdu və o, bu suverenliyin əsas atributuna çevrilmişdi, indi qalırdı onun fəlsəfəsini gələcək nəsillərə aşılamaq. Bu missiyanı da ulu öndər Heydər Əliyev uğurla yerinə yetirdi. 1993-cü ildə Heydər Əliyev xalqın təkildli tələbi ilə ölkəni çətin vəziyyətdən çıxarmaq üçün paytaxta gələndə Azərbaycan xalqı öndərini Bakıda onun ikinci dəfə həyat verdiyi üçrəngli bayrağımızla qarşıladı. Oktyabr ayında isə Azərbaycan Respublikasının prezidenti seçilən ümummilli lider milli bayrağı öpərək vətəndaşlarımızı əmin etdi ki, Azərbaycanın müstəqilliyi və suverenliyi dönməzdir, əbədidir və sarsılmazdır. Ulu öndər Heydər Əliyev deyirdi: Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayraqlarını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üzərində Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda, Vətənə, xalqa və dövlətə olan məhəbbətə bərabər olsun. 

Məhz Heydər Əliyevin xidmətləri sayəsində 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında dövlət rəmzləri ilə bağlı konkret müddəalar əksini tapdı. Bütün bunlar da dövlət atributlarının, həmçinin dövlət bayrağının məna və mahiyyətinin təbliği baxımından xüsusi önəm kəsb edirdi. Bayrağın böyük təbliğatçılarından olan Heydər Əliyev onun məna və mahiyyətindən danışarkən deyirdi ki, “Bayraq sadəcə elə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin”. 

Ulu öndər orduda da bayrağın yerini, onun hakimiyyətini müəyyən etdi. Məhz onun xidmətləri sayəsində orduda döyüş bayraqlarının tətbiqinə başlandı. 1997-ci ildə silahlı qüvvələrin hərbi hissələrinin döyüş bayraqları haqqında qanun və əsasnamə qəbul edildi. Həmin əsasnamədə deyilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin döyüş bayraqları Azərbaycan uğrunda fədakar, şücaətli, şərəfli xidmətin simvoludur. 

BAYRAQ BİZİM MÜBARİZLİK SİMVOLUMUZDUR!

Prezident İlham Əliyevin siyasətində bayrağın özəl yeri var. Dövlət başçısı bayrağa ölkənin müstəqillik simvolu kimi baxır. Onun ideoloji məzmununun vətəndaşlara, ən çox da gənc nəslə çatdırılmasına xüsusi diqqət göstərir. Bunun da səbəbləri var. Birincisi, Azərbaycan xalqı 30 ildir ki, müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizini işğal edən  Ermənistan Azərbaycanı hər cür təhdidə qarşı bütün sahələrdə güclü olmaq faktı ilə üz-üzə qoyub. Prezident doğru buyurur ki, əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmayacaqdı. Çünki dövlət başçısı ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi və indi Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən asılı deyil. Digər tərəfdən siyasi və mənəvi-ideoloji sahədə qazanılan uğurlar imkan verdi ki, Azərbaycanın müstəqilik dayaqları daha da möhkəmlənsin, ölkəmiz tərəqqi yoluna qədəm qoysun. Bu inkişafın bəhrəsini bu gün biz şanlı Azərbaycan Ordusunun rəşadətində, Vətən sevgisində görürük. 

Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycan xalqının tarixində milli-mənəvi dəyərlər hər zaman ön planda olub, xalqın mənəvi dünyası onun inkişafı ilə paralellik təşkil edib. Bu gün ölkə daxilində müşahidə olunan həmrəylik, milli birlik, vahid amal uğrunda birgə mübarizə Azərbaycanı istəməyən bir sıra mənfur xarici dairələrə tutarlı cavabdır. Çünki bu birliyin, bu həmrəyliyin öndəri xalqın öz keçmişinə sadiqliyi, bu gününə inamı, gələcəyinə olan praqmatik baxışlarıdır. Bu silsilədə isə biz bayraq amilinin ön plana çıxdığını görürük. Bayrağın xalqın mənəvi dünyasında tarixi özünəməxusluğunu qoruyub yaşatmaq Prezident İlham Əliyevin fəaliyyətinin vacib xəttidir və bu gün Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə biz bunun şahidi oluruq. İşğaldan qurtarılan torpaqlarımızda Azərbaycan əskəri dövlət bayrağını qaldırır, bu isə bütün xalqımıza qürur hissi yaşadır. Deməli, Azərbaycan Ordusunun qalibiyyət rəmzi bayraqdır və bütün xalq onun mövcudluğunu şərəf məsələsi kimi qəbul edir. 

Bayraq geniş mənada həm də vətənpərvərlik nümunəsidir ki, dövlət başçısı bu məsələyə də hər zaman diqqətlə yanaşıb, Azərbaycan gəncliyinin bu ruhda tərbiyə olunmasını çıxışlarında dəfələrlə ifadə edib. Xalqın və dövlətin taleyi ilə bağlı olan son hadisələr göstərir ki, Prezident İlham Əliyev Azərbaycan bayrağının da daxil olduğu və xalqın etno-mədəni, etno-siyasi dünyagörüşündə müstəsna rol oynayan dövlət atributlarının məna və mahiyyətinin uğurlu təbliğinə nail olub, bu məsələdə xalqın etimadını qazanıb. Elə bunun özü bütün qələbələrə gedən yolda bayrağın da bizimlə birgə addımlayacağına, onun bundan sonrakı bütün müqəddəs amallarda təməl rol oynayacağına işarədir. Çünki bayraq bizim mübarizlik simvolumuzdur. Azərbaycan əsgəri Vətənin suverenliyini və ərazi bütövlüyünü qoruyarkən, bayrağımızı düşmənə təslim etməməklə bağlı dövlət bayrağına and içir və bu baxımdan Silahlı Qüvvələrin şəxsi heyətinin milli dövlətçilik ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi ilə bağlı Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər heyrət doğurur. Prezident İlham Əliyev hərbçilərimizi vətəni sevməyə ruhlandırmaq üçün dövlət rəmzlərindən geniş istifadə olunması ilə bağlı fəaliyyəti ordumuzun qələbə əzmini daha da artırır.

Prezident İlham Əliyev Azərbaycanın inkişafının qarantıdır. Prezident ölkə əhalisinin təhlükəsizliyinin təminatçısıdır. Prezident həm də böyük Vətən təəssübkeşidir. Onun Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə həyata keçirdiyi heyrətamiz missiya Vətənin taleyini hamımızın qədərinə çevirib. Xalqda elə bir ovqat yaranıb ki, bu gün biz böyük ideallar ətrafında sıx birləşməyi bacarmışıq. Ali Baş Komandan kimi onun qaldırdığı bayraq bu gün Azərbaycan Respublikasının başı üzərində şərəflə dalğalanır, o, işğaldan azad edilən torpaqlarımızda - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada, yüzlərlə kənddə  Azərbaycan əskərinin hünərini nümayiş etdirir. 

Biz xoşbəxt insanlarıq. Ona görə ki, Azərbaycan xalqının milli qüruru olan Qarabağın qarış-qarış düşmən tapdağından azad olunmasının sevincini yaşayırıq. Bu, elə bir qələbədir ki, gələcək nəsillər hər zaman bu qələbənin qüruru ilə öyünəcək. Babalarının tarix yazan qəhramanlığı onları hər zaman Vətənini, bayrağını sevməyə ruhlandıracaq. Çünki Vətənin ləyaqət və qələbə rəmzi olan bayrağımızı Azərbaycan Prezidentinin dönməz iradəsi, qətiyyəti sayəsində Azərbaycan əsgərinin vuran qolu ucaldır.

Bu gün Bayraq Günüdür. Amma bu günün öncəsində bizim bundan sonra qürurla qeyd edəcəyimiz daha bir günümüz var. Şuşanın düşmən tapdağından azad olunduğu gün! Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən, Atasının vəsiyyətini yerinə yetirərək Şuşanı düşməndən azad edən və bununla da Böyük Qələbəyə imza atan Böyük Sərkərdənin başçılıq etdiyi ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi. Biz Qalaya qalxdıq! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandana! Qarabağ Azərbaycandır!

ARİF ALIŞANOV