Azərbaycan yığmasının daha bir Olimpiya medalını itirməsi rəsmiləşib.
Unikal.org-un məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.
Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bəzi yarışlarında medal bölgüsünə yenidən baxaraq, mükafatların sahibləri ilə bağlı qərar verib. Ağır atletikada bürünc medal qazanan Valentin Xristovun mükafatı da rəsmən ləğv edilib.
2019-cu il martın 27-də BOK-un İntizam Komitəsi tərəfindən mükafatdan məhrum edilən atletimizin 56 kq çəki dərəcəsindəki bürüncü vyetnamlı Le Kuok Toana verilib.
Bununla da Azərbaycan millisi ağır atletikada qazandığı yeganə Olimpiya mükafatından məhrum olub. Ölkəmizin London-2012-dəki medallarının sayı 9-a enib. İdmançılarımızın aktivində 2 qızıl, 2 gümüş və 5 bürünc qalıb.