Azərbaycan gəncləri IX Forum çərçivəsində bir araya gəldilər. Məqsəd ötən üç il ərzində görülmüş işlərin hesabatını dinləmək, növbəti üç il üçün konsepsiyanı işləmək və təklifləri səsləndirmək idi.
Gənclər və İdman Nazirliyindən Unikal.org-a verilənməlumata görə, onlayn şəkildə keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administraisyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, YAP Gənclər Birliyinin sədrini əvəz edən Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və regionu təmsil edən gənclər (alim, hərbçi, qazi, həkim, yaradıcı gənclər) çıxış ediblər.
Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan tədbirdə, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ilk olaraq forum iştirakçılarını salamladı.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Sonra Azərbaycan Gənclərinin VIII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev IX Forumun ölkəmiz üçün əlamətdar tarixdə - qələbəmizin qeyd olunduğu ildə keçirilməsinin xüsusi önəm daşıdığını bildirdi.
Nazir müavini qeyd etdi ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur Vətən Müharibəsində göstərdikləri şücaət və Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi qələbəmizdir. Məlumat üçün bildirildi ki, 2018-ci ilin noyabr, dekabr -2020-ci ilin noyabr, dekabr ayları ərzində Gənclər və İdman Nazirliyi tərəfindən 274 tədbir həyata keçirilib ki, onlardan 241-i yerli, 33-ü beynəlxalq olub. 2019-cu ildə 1308, 2020-ci ildə isə 95 əcnəbi gənc nazirliyin həyata keçirdiyi tədbirlərdə iştirak üçün ölkəmizə səfər edib. Beynəlxalq əlaqələrin inkişafı, müxtəlif layihələrdə iştirak məqsədi ilə 2019-cu ildə 206, 2020-ci ildə isə 14 gənc xaricə ezam olunub.
Forumun davamında iştirakçılar Azərbaycanın yeni tarixinin yaradıcısı, Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, “Böyük Qayıdış”da gənclərin vəzifələri, Gənclərin sağlamlığı – xalqın sağlamlığı mövzuları ətrafında çıxış etdilər.
Yekunda tədbirin qətnaməsi və IX Forum iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.
Qeyd edək ki, gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilib: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika toplantısı.