Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı başa çatıb.
Unikal.org xəbər verir ki, sonuncu yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iki üzvü həlledici görüşə çıxıb.
Namaz Rüstəmov (67 kq) təsəlliverici qarşılaşmada Zaur Kabaloyevlə (İtaliya) bacarmayıb. 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb. Zamir Məhəmmədov (97 kq) isə bürünc medal görüşündə Nikalay Staduba (Belarus) uduzaraq, yarışı 5-ci pillədə bitirib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 8 medalla başa vurub. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləş üzrə komandamızın heyətində isə Taleh Məmmədov (63 kq) 2-ci, Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) üçüncü yeri tutub.