Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Murad Cəfərov Unikal.org-a müsahibə verib:
- Nə vaxtdan idman camiəsindəsiniz?
- Uşaqlıqdan Ciu-Ciutsu, cüdo və sambo kimi idman növləri məşğul olmuşam. Ciu-Citsu üzrə keçirilən yarışların birində aldığım zədəyə görə peşəkar idmanı tez tərk etməli oldum. Zədəm güləşməyə mane olurdu. Tamamilə başqa sahəyə üz tutub, təhsilimi davam etdirdim.
Sonradan Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Brazilya Ciu-Citsu Klubu İctimai Birliyi ilə yenidən idman camiəsinə qayıtdım.
Belə ki, sözügedən quruma vitse-prezident təyin olundum. Burada az müddətdə müəyyən xidmətlərimiz oldu.
Sonradan Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovdan təklif gəldi. Mən də ölkə idmanına öz köməkliyimi göstərmək üçün bu təklifi dəyərləndirdim. Hazırda da ASF-nin vitse-prezidentiyəm.
- İdmandan başqa hansı sahədə çalışırsınız?
- Təhsil sahəsində də xidmətlərim var.
Bundan əlavə Avstriyanın "Modern Capital" LLC-nin general direktoru vəzifəsində çalışıram. Burada isə işimiz investisyalar və birja ilə bağlıdır.
Həm də rəssamam. Düzdür, bu sahədə heç bir təhsilim olmasa da, müəyyən qədər rəsm çəkməyi bacarıram. 2015-ci ildə Avstriya və Amsterdamdakı rəsm əsərləri müzeylərində oldum. Bu da məndə rəssamlığa maraq oyatdı. Hətta bir neçə dəfə də sərgim olub.
Bundan əlavə deputatlığa da namizəd olmuşdum. Onu da vurğulayım ki, ata və anam bəy nəslindən olduğu üçün ailməmiz lənkəranlılar tərəfindən tanınırıq. Namizəd olduğum vaxtlarda seçicilərlə görüşə olimpiya və dünya çempionları da gəlmişdi.
Hətta görüşlərin birində valideynlər övladlarının idmanla bağlı narahatlığını dilə gətirmişdilər. Biz də orada idmana meylli yeniyetmə və gənclərimizin məşq keçməsi üçün şərait yaratdıq. Pandemiyaya qədər məşqlər davam edirdi. İndi bütün dünyada tüğyan edən COVİD-19 virusu səbəbindən bir çox sahələrdə olduğu kimi, idmanda da durğunluq yaranıb.
- Pandemiya dövründə samboçularımız necə məşq edir?
- Çətinliyimiz olsa da, məşqlərimiz açıq hava şəraitində keçirilir. Qışda soyuq havaya baxmayaq təlim-məşq toplanışlarımız davam edirdi. Biz mayın 24-ü və 31-i tarixlərində Kiprdə Dünya Çempionatında yollanacağıq.
- 44 günlük Vətən Müharibəsində samboçularımız da iştirak etmişdi. Onlarla görüşmüsünüz?
- Əlbəttə, onlarla mütəmadi əlaqə saxlamağa çalışırıq. Düzdür, pandemiya olduğuna görə, müharibədə iştirak etmiş idmançılarımızla xüsusi görüşlərimiz baş tutmayıb. Ən yaxın zamanda vətən müharibəsində iştirak etmiş idmançılarımızla görüşəcəyik.
Onu da qeyd edim ki, qismən səfərbərlik elan olunanda mən də yenidən ordu sıralarına yollanmaq üçün müraciət etmişdim. Sadəcə müharibə müddətində çağırılmadığım üçün öz köməkliymi başqa yöndə göstərməyə çalışdım. Bibim oğlu Murov istiqamətində hərbi həkim kimi fəaliyyət göstərirdi. Onun yanına gedib, oradakı əsgərlərimizin ehtiyacları ilə maraqlanırdıq. Müharibə başlanan andan Ağdam, Murov istiqamətlərinə icazə verilən müvafiq əraziyə qədər gedirdik. Həm müharibə dövründə, həm də müharibədən sonra qazi qardaşlarımızın, şəhid ailələrinin yanında olmağa çalışırıq. Əlimizdən gələn dəstəyi əsirgəmirik. Bu da hər bir azərbaycanlı kimi bizim də borcumuzdur. Onu da vurğulayım ki, 44 günlük Vətən Müharibəsində əldə edilən qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali baş komandanımızın rəhbərliyi ilə ordumuz zəfər çaldı, ərazi bütövlüyümüz bərpa edildi. Bütün Azərbaycan - "Qarabağ Azərbaycandır" şüarında birləşdi.
Babalarımın xatirəsi üçün doğulduğum rayona getdim.
- İşğaldan azad olunmuş ərazilərdə yarışlar keçirmək istəyərsinizmi?
- Uşaq olanda babam Şuşaya gedib-gəlir, oradan tez-tez danışardı. Mənim də arzumdur ki, işğaldan azad olunmuş ərazilərdə yarışlar, məşqlər keçirək. İnşallah, minalanmış ərazilər təmizləndikdən sonra bu arzumuzu reallaşar.
İdman ruhun qidasıdır deyiblər. Bizə sağlam ruhda böyüyən gənclər lazımdır.
Onu da vurğulayım ki, Vətən müharibəsində azərbaycanlı idmançılar milli ordunun əsgər və zabitləri ilə birlikdə qəhrəmanlıq dastanı yazdılar.
Müharibədə dastan yazıb, qayıdan idmançılar indi milli komandanın tərkibində məşqlərə başlayıb. Onlar yenidən beynəlxalq arenalarda bayrağımızı dalğalandırmağa davam edəcəklər. Çünki qarşıda beynəlxalq yarışlarımız çoxdur.
Aygün İlqarqızı
FOTOLAR: Müzəffər İsmayılov