Mingəçevirdə Fövqaladə Hallar Nazirliyinin sifarişi əsasında 5 mərtəbəli 40 mənzilli bina inşa edən tikinti şirkəti texniki şərtlərə əməl etmir.

"Unikal"ın məlumatına görə, adı çəkilən bina  FHN-in sifarişi əsasında Mingəçevir şəhərinin Gəncə şosesində "Litosfer MMC" inşaat şirkəti tərəfindən tikilir. Binanın 1973-cü ildən bəri şəhərin  Təbriz və Mikayıl Müşfiq küçələrində ikimərtəbəli taxta və sadə sanitar-kanalizasiya qurğularından  imkanlarından məhrum qəzalı ev sakinlərinin çoxsaylı müraciətləri əsasında inşaasına qərar verilib.

Uzun illər texniki şərtlərdən məhrum olmuş insanların yeni mənzilləri hansı texniki tələblər altında tikilir? Sualımıza aydınlıq gətirmək məqsədilə inşaat ünvanına üz tutsaq da, Asif adlı iş icraçısı israrla əraziyə baxış keçirməyimizə və sualları cavablandırmağa etirazını bildirdi. Amma onun inadına rəğmən ortaya çıxan mənzərə və ilkin təəssürat üzücü oldu. İnşaatda çalışan şəxslər nə üzərində xüsusi bildirişlər olan işçi geyimləri, nə təhlükəsizlik tələblərindən olan baş qoruyucu kaskalar, nə də ki digər texniki zəruri vasitələrlə təmin olunub. Adi texniki şərtlərə əməl etməyən Litosferin 5 mərtəbəli binanı hansı tələblər səviyyəsində olan sement məhsullarından yaxud digər  tikinti materiallarından istifadə edərək inşa etdiyi də çox sayda şübhəli və qaranlıq məqamlara aydınlıq gətirməyi zəruri edir. İş icrasının qeyri adi davranışları bunu söyləmək üçün kifayət qədər əsaslar verir. 

Ehtiram Muradlı