ABŞ-dakı Co Bayden administrasiyası 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı minlərlə məxfi sənədləri açıqlayıb.
"Unikal" xəbər verir ki, Amerika Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) saytında sui-qəsdlə bağlı 12 875 yeni sənədi ictimaiyyətlə paylaşılıb.
Açıqlanan sənədlərin əksəriyyətinin redaktə prosesi zamanı silindiyi görünsə də, Bayden bəzi sənədləri “kəşfiyyat fəaliyyətlərinə zərər verə bilər” səbəbiylə məxfi saxlayıb.
Administrasiya qalan sənədlərin 30 iyun 2023-cü ilə qədər dərc olunacağını bildirib.
Kennedinin qətli ilə bağlı sənədlər
ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.
Ali Məhkəmənin sədri Erl Uorrenin apardığı araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib. Lakin istintaqın natamam olduğu iddiası ilə tənqid edilib və sonradan Konqresdə yaradılmış komissiya bu qətlin sui-qəsd ola biləcəyini bəyan edib.
NARA, 1992-ci il JFK qanununun tələb etdiyi kimi, sui-qəsdlə bağlı çoxlu sayda qeyri-məxfi sənədləri yayımlamışdı.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə 2017 və 2018-ci illərdə minlərlə məxfi sənədi açıqlayıb, bəzi sənədləri milli təhlükəsizlik baxımından məxfi saxlayıb. Bayden administrasiyası isə keçən il dekabrın 15-də minlərlə sənəd açmışdı.
Gülayə Mecid