Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı BƏƏ mətbuatı tərəfindən geniş işıqlandırılıb.
"Unikal" xəbər verir ki, bu ölkənin rəsmi WAM informasiya agentliyi Prezident İlham Əliyevin çıxışının ərəb və ingilis dillərində icmalını dərc edib. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmədiklərini bildirib. O vurğulayıb ki, ölkəsinin enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin edilib və bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Prezidentin sözlərinə görə, bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, Azərbaycan onun sayəsində ixracını şaxələndirəcək və nəticədə iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaranacaq.
WAM-ın icmalında, eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev “Masdar” və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşmanın hələ qısamüddətli bir layihə olduğunu, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını söyləyib. O əlavə edib ki, bununla bağlı yol xəritəsi var və yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Bütövlükdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.
“Əl Xalic”, “Əl-Ayn” portallarında dərc olunmuş məqalələrdə isə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar yer alıb. “Prezident İlham Əliyev: Azərbaycan yaşıl enerjinin mühüm ixrac mənbəyinə çevriləcək” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarının mövcud olduğunu bildirib. O vurğulayıb: “Bizə kifayət qədər ixrac marşrutları lazımdır və təbii ki, bütün bu layihələr mərhələli şəkildə icra edilir”.
Məqalədə, həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu, neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini söyləyib və hazırda hədəfin bərpaolunan enerji olduğunu vurğulayıb. Dövlət başçısı, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən də danışıb.