Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.
"Unikal" xəbər verir ki, o, bu barədə İtaliyanın Corriere della Sera” qəzetinə açıqlamasında deyib.
“Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını boşa xərcləyir”, - deyə Zelenski bildirib.
Fransa prezidenti Makron bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın məğlub edilməsini ifadə edərək, dialoq qapısının açıq qalmasının vacibliyini vurğulayıb.
Rusiya ilə dialoqun vaxt itkisi olduğunu ifadə edən Zelenski, “Rusiyanın münasibətini dəyişdirə bilməyəcəyimiz qənaətinə gəldim. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi. Bu, Putini marginallaşdıran müharibəyə başlamaq qərarı idi", - deyə o, vurğulayıb.
Gülayə Mecid