Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə onun videomüraciətində deyilir .
"İlk növbədə, mən bütün cəmiyyəti ilk belə qələbə münasibətilə təbrik etmək istəyirəm", - Zurabişvili deyib və hakimiyyətin qəbul etdiyi qərarı alqışlayıb.
O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.
Bundan əvvəl Zurabişvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb . Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidenti Tbilisidəki iğtişaşlar zamanı etdiyi hərəkətlərə görə tənqid edib . Gürcüstan müxalifəti qanun layihəsini geri götürdükdən sonra vətəndaşları gələcək fəaliyyətləri müzakirə etmək üçün planlaşdırılan mitinq əvəzinə “məlumat toplantısı” keçirməyə çağırıb .
Martın 7-də Gürcüstan parlamenti səs çoxluğu ilə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra ölkədə etiraz aksiyaları başlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə 133 nəfərin saxlandığını bildirib.