“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.

"Unikal" xəbər verir ki, bunu Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

“Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - İ.Qəmbər bildirib.

O əlavə edib ki, dəyişiklər təkamül və dinc yolla getməlidir. O, bunun tərəfdarı olduğunu açıqlayıb: “Hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Media, vətəndaş cəmiyyəti, ziyalılar, siyasi qüvvələr birgə iradə ortaya qoymağı bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə düşünməyə dəyər. Zamanında bizim düşərgə xalqa, cəmiyyətə və hakimiyyətə müxtəlif proqramlar, konsepsiyalar təqdim edib. Hesab edirəm ki, intellektual axtarışlarda da prosesin önündə getməyi bacarmalıyıq”.