Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərinin sakinləri ilə söhbət edib:
Prezident İlham Əliyev: Gəl, qızım, gəl.
Şuşalı qız: Necəsiniz?
Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?
Şuşalı qız: Çox sağ olun, yaxşıyam.
Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?
Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?
Prezident İlham Əliyev: Olar, əlbəttə.
Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın açarını bu qıza təqdim etmişdilər.
Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?
Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.
Prezident İlham Əliyev: Sağ ol, qızım.
Şuşalı qız: Çox sağ olun, minnətdaram.
Prezident İlham Əliyev: Sağ ol.