Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının başlanmasını elan edərək ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edən zaman məlum olub ki, təqsirləndirilən şəxs Həcər Hüseynova Sabunçu rayonu ərazisində, Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin bədəninə yandıran maddə kislota tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib. Bununla da onun sağlamlığına ağır xəsarət yetirib.
Həcər Hüseynova baş vermiş cinayətdə özünü qismən təqsirli bilib.
Sonra Həcər Hüseynova təqsirləndirilən şəxs qismində ifadə verib: "Mənim əvvəlki ərim Mehdi Hüseynova ilə mübahisəm olub. O zaman aramızda boşanma olmamışdı. Həyat yoldaşımla Beyləqanda yaşayırdıq. O evə daim içkili gəlirdi, söz-söhbət olurdu. Azər də onun xalası nəvəsi idi. Onunla birgə içirdi. Həmçinin qayınanam Səadət Hüseynova ailəmdə problemlər yaradırdı. Sonuncu dəfə Azər Ağayev mənə dedi ki, sənin ərin Mehdi sənə xəyanət edir. Hətta mənə telefon da verdi. Onunla arada danışırdıq. Bir müddət sonra yoldaşım Mehdi Azərlə əlaqəmin olduğunu bildirdi. Azər evimizə gəlib mənə zor tətbiq eləmişdi, mənimlə cinsi əlaqədə olmuşdu. Ancaq ailə üzvlərim məni vurdular. Bundan sonra ailəm dağıldı, boşandım. Atamdan icazə alıb gəlib Zirə də istixanada işə girdim. Ancaq Mehdi ilə Azərin aralarında söz-söhbət davam edirdi. Mehdi deyirdi Azər sənin barədə nalayiq ifadələr işlədir. Sonra Mehdi mənə dedi ki, Azərlə sevgili olmadığını mənə sübut elə. Mən də çantama kislota qoydum gəldim. Köhnə iş yerimdən götürmüşdüm. Azər zəng vurdu görüşdük, maşının qapısını açıb oturdum, kislotanı tökdüm üzünə, ayağına. Qorxutmaq mənasında elədim, öldürmək niyyətim yox idi. Özüm 102 zəng xidmətinə zəng vurub məlumat verdim.
Mən Xəzər TV-yə Lalə Azərtaşın verilişinə 2022-ci ilin yanvarında Mehdinin qohumları vasitəsilə çıxmışam. Məqsədim isə ailəmi qaytarmaq idi. Peşmanam əməlimdən, Azərdən üzr istəyirəm".
İfadələr arasında ziddiyyətlər olduğundan Həcər Hüseynovanın ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Həcər Hüseynova ara-sıra Azərlə danışıb. Hətta Azər Həcərgilin evinə gəlib hamamda onunla cinsi əlaqədə olub. Bununla bağlı Beyləqan polisinə də zorlama ilə bağlı şikayət etsə də sübut eləyə bilməyib. Buna görə Xəzər TV-də Lalə Azərtaşın verilişinə çıxıb bu barədə orada da danşıdım. 2023-cu ilin yanvar ayından həyat yoldaşımdan boşandım. Bundan sonra Azərdən intiqam almaq üçün bu hərəkəti etdim, ömürlük ona damğa vurmaq istəyirdim.
Məhkəmənin növbəti gedişində zərərçəkmiş şəxs Azər Ağayev ifadə verdi: "Mehdi ilə Həcər məhkəmədə boşanmışdı. Mehdi Həcərə aliment kəsdirmişdi. Telefonda Həcərdən alimenti tələb edirdi. O bunu verə bilmirdi. Həcər mənə zəng edirdi ki, gəl görüşək, alimenti verməyə mənə kömək elə. Görüşdük oturduq maşında. Mənə su içməyi təklif elədi. Mən istəməyəndə kislotanı üzümə, ayağıma tökdü. Qardaşımı çağırdım ki, məni xəstəxanaya çatdırın. Həcər Hüseynova ilə barışmamışam. Hazırlıq iclasında dedim ki, Həcər həbs olunsun. Ancaq eləmədilər, faktiki qaydaları pozur. Sonra başladı mənimlə oyun oynamağa. Bu efirdən çıxandan sonra mənə zəng elədi ki, mənə yiyə durursan. Mehdi bunu vadar edib ki, get Azərin üstünə kislota tök. Mənim Həcərlə heç bir sevgi münasibətim olmayıb. Mehdi bunun başına güllə dirəyib məcbur edib ki, de ki Azərlə cinsi əlaqədə olmusan. Sonra Mehdi Şuşada avtomobil qəzasında rəhmətə gedib".
Məhkəmə prosesi yanvar ayının 31-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Seymur Əli