Xəbər verdiyimiz kimi, ötən gün Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib. Daha sonra görüşün yekunlarına dair Ankara Bəyannaməsi qəbul olunub və imzalanıb.

Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. 

Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.  

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən deputat, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, üç türk dövləti birgə müəyyən qrup məsələləri müzakirə edirlər:

"İlk dəfədir ki, məhz Azərbaycan, Türkiyə və Özbəkistan rəsmiləri nəqliyyat, ticarət və digər məsələlərlə bağlı bir araya gəldilər. Şübhəsiz ki, burada söhbət təkcə nəqliyyatdan getmir. Qardaş ölkələr kimi birgə mövqe nümayiş etdirmək, birgə planları müzakirə etmək və gələcək üçün müəyyən perspektivlər qurmaq məsələləri də gündəmdə idi.

Ermənilər Qarabağdan çıxıb getməlidirlər" - Aydın Mirzəzadə - Unikal.az

Bu, Türk dünyası birliyi faktorunu daha da gücləndirir. Prezidentin bir il bundan əvvəl "Bizim ailəmiz türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur" deməsi bir daha öz təsdiqini tapır", - deyə deputat qeyd edib.

A.Mirzəzadə əlavə edib ki, hər üç ölkə Orta dəhliz adlanan nəqliyyat layihəsinin tərkib hissəsidir: 

"Bu üç ölkə olmadan Orta dəhliz işləyə bilməz. Çindən Avropaya qədər gedən bu dəhliz ətrafında yerləşən hər bir ölkə üçün böyük perspektivlər vəd edir. Azərbaycan, Türkiyə və Özbəkistan bu məsələdə öz imkanlarını və resurslarını birləşdirir. 

Burada kooperasiya və qarşılıqlı surətdə investisiyanın yatırılması böyük əhəmiyyət daşıyır. Xatırladım ki, Azərbaycan və Özbəkistan arasında 500 milyon dollarlıq birgə investisiya fondu mövcuddur. Bu fond artıq həm Azərbaycanda, həm də Özbəkistanda bir sıra layihələr həyata keçirir. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiya 20 milyard ABŞ dolları həcmindədir və bu rəqəm durmadan artır. 

Üç ölkənin nazirlərinin görüşü bu günə və sabaha olan planları müzakirə etməyə və ümumi razılığa gəlməyə səbəb olur. Hesab edirəm ki, bu görüş həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Hər üç ölkənin ictimaiyyəti və mətbuatı bu görüşün xüsusi əhəmiyyətini bir daha görür və qiymətləndirirlər".

Murad İbrahimli