Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, İqbal Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş mərhumun ölümünə səbəb olub.
İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.
Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 21:34
Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində olub.
Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində güllə yarası alıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyib.
İlkin məlumata görə, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev