Ziya Məmmədov “Hafka” ilə yollarını ayıra bilər
10:47 07-11-2013
İQTİSADİYYAT
Ziya Məmmədov “Hafka” ilə yollarını ayıra bilər
Bütün güc “Garant Holdinq”in böyüməsinə yönələcək
Nəqliyyat naziri Ziya Məmmədov özünün əsas biznes ortaqlarından biri olan “Baghlan Group”un prezidenti, “Haıfka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovla yollarını ayıra bilər. Bu barədə yayılan məlumatlara görə, nəqliyyat naziri belə bir qərarı hələ bir neçə ay əvvəl verib.
Amma həmin vaxt seçkiöncəsi bu addımın özü və biznes imperiyası ətrafında spekulyasiyalara yol açacağını proqnozlaşdıran Ziya Məmmədov prosesi seçkidən sonrakı dövrə ertələyib. İndi isə nəqliyyat nazirinin artıq Hafiz Məmmədovla iş ortaqlıqlarını bitirmək hazırlığı içərisində olduğu və böyük ehtimalla qarşıdakı dövrdə bu istiqamətdə ciddi addımlar atılacağı deyilir.
Xatırladaq ki, Azərbaycan mətbuatında yazılanlara görə, Nəqliyyat Nazirliyinin ən böyük partnyoru məhz “Hafka”ya məxsus “Baghlan” şirkətlər qrupudur. KİV qeyd edir ki, Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Azərbaycan dövlətinin həyata keçirdiyi bir çox önəmli və bahalı layihələrə cəlb olunub. Məsələn, Bakıdakı beynəlxalq avtobus vağzalının tikintisi, London taksilərinin alınıb Azərbaycan paytaxtına gətirilməsi, magistral yolların çəkilişi...
Nəqliyyat Nazirliyinin “Baghlan” holdinqinə olan bu sifarişləri və biznes imkanları nəticəsində hər iki tərəf nəhəng gəlirlər əldə etməklə yanaşı, ölkə nəqliyyatında sərnişin və yük daşınmalarında, nəqliyyat tikinti sahəsində inhisarçı mövqe tuta biliblər.
Xatırlatma üçün qeyd edək ki, "Baghlan Group FZCO" holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov yaradıb. Soyadları eyni olsa da, Hafiz Məmmədovla Ziya Məmmədovun hər hansı qohumluq əlaqəsinə dair sübut yoxdur. Amma hər iki Məmmədovun sıx biznes bağlantısını göstərən sənədlər var. Onları uzun illər boyu "Bank of Azerbaijan"da şəriklik, nəqliyyatda ortaq layihələr birləşdirir. Hətta idmanda da ortaq maraqları var.
Beynəlxalq Bakı Avtovağzalının tikintisini də onlar birgə gerçəkləşdirib - Hafiz Məmmədovun “Bağlan Group”-una daxil olan Arcon MMC və nəqliyyat nazirinin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi o vaxtki “ZQAN holdinq”, indiki adı ilə desək, “Garant Holdinq”.
İddialara görə, “Hafka” ilə yolların ayrılması da məhz “Garant Holdinq”in daha da böyüdülməsi məqsədi daşıyır. Məsələ burasındadır ki, bu ilin mayında ölkənin ən iri şirkət qruplarından biri olan “ZQAN Holding” korporativ adını dəyişərək “Garant Holding” olub. Həmin vaxt bununla bağlı keçirilən mətbuat konfransında “Garant Holding” rəhbərliyi yeni korporativ ad olaraq “Garant Holding” ifadəsinin istifadə olunmasını izah edərkən bildirib ki, rebrendinq haqqında düşünəndə bütün işçi heyəti bu məsələyə cəlb olunub: “Hər kəsə fikrini ifadə etmək və yeni ad fikirləşməyi təklif etdik. Ümumi müzakirələr nəticəsində çoxluğun gəldiyi qənaət məhz “Garant” sözü oldu. Əvvəla ona görə ki, bu söz beynəlmiləl olmaqla bir çox dillərdə eyni cür səslənir və eyni məna ifadə edir, istehsal və xidmət keyfiyyətinə bilavasitə zəmanət verdiyimizi və əmin olduğumuzu anladır”.
Bundan sonra, holdinqin daha da genişləndirilməsi istiqamətində çalışmalara start verilib, amma yuxarıda da qeyd olunduğu kimi, seçkiöncəsi bunun holdinqin qeyri-rəsmi sahibləri - nəqliyyat naziri və oğlu haqqında mətbuatda müəyyən spekulyasiyalara, onların hakimiyyətdaxili rəqiblərinin nəzarətindəki KİV-lərdə çeşidli manipulyasiyalara yol aça biləcəyi nəzərə alınaraq prosesə seçki sonrası start verilməsi qərarlaşdırılıb.
Elə həmin vaxt holdinqin rəsmi idarəetməsindən Anar Məmmədovun uzaqlaşdırılması da bununla bağlı olub.
İndi isə qarşıdakı aylardan etibarən Hafiz Məmmədovun şirkətlər qrupuna sifariş edilməli olan iri layihələrin icrasının məhz “Garant Holdinq”ə yönəldiləcəyi iddia edilir. Bu, daha çox Hafiz Məmmədovun ortaqlıq xaricində bir çox addımları ilə izah edilir. Məsələn, onun Fransada tanınmış klublardan birinə sponsorluq etməyə başlayarkən öz şərikləri ilə məsləhətləşmədiyi bildirilir.
Hər halda yayılan iddialar bundan ibarətdir. Amma onların nə qədər həqiqətəuyğun olub-olmadığını demək çətindir. Bunu yəqin ki, qarşıdakı dövrdə daha əminliklə söyləmək mümkün olacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53