Daxili İşlər NazirliyiŞəkidə qeydə alınan dələduzluq faktı ilə bağlı məlumat yayıb.
Unikal.org nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus "VAZ-21099 markalı avtomobili aparıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.
Avtomobil sahibinə qaytarılıb.
Araşdırmalar zamanı cari il sentyabrın 14-də H. Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H. Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.