"Qarabağ" Azərbaycan futbolu tarixində yeni rekordlara imza atıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində 1-dən çox qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qurban Qurbanovun yetirmələri buna PAOK-la Yunanıstandakı qarşılaşmada əldə olunan 1:0 hesablı qələbə ilə nail olub. Saloniki təmsilçisini Bakıda da 2 qolla yenən əyalət klubu eyni rəqiblə görüşlərdəki qələbələr sayəsində rekordu rəsmiləşdirib.
Bunadək qrupda qələbəsi olan yeganə komandamız kimi də tarixə düşən "Qarabağ" həm 2014/15, həm 2015/16 mövsümünü 1 qələbə ilə tamamlamışdı. Bu dəfə isə rekord 2-yə çatdırıldı.
Qrupda çıxış edən digər komandalarımız "Neftçi" və "Qəbələ"nin hesabında qələbə yoxdu. PAOK üzərində qələbələrdən sonra xal hesabını da 7-yə çatdıran "Qarabağ" bu göstəricidə də rekord vurub. Ağdamlılar qrupda ən çox xal qazanan komanda kimi öz nəticəsini yeniləyib.
2014/15 mövsümündə 6 xal toplayan Qurbanovun yetirmələri 2 illik rekordu arxada qoyub. Bakıdakı qarşılaşmada vurulan 2 qolla qrupdakı məhsuldarlıq rekorduna imza atan "Qarabağ" bu göstəricini də yeniləyib. 6-cı qolu səfərdə rəqib qapısından keçirən təmsilçimiz bu mərhələdə ən çox qol vuran Azərbaycan klubudu.
Qeyd edək ki, bu qələbədən sonra "Qarabağ" daha bir nailiyyət - ilk 1/16 finalçımız olmağa daha da yaxınlaşıb.