"Oyunumuzdan və nəticədən razı qaldığımı desəm, yalan danışmış olaram. Öz aramızda bu matçı müzakirə etməliyik.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, bunu PAOK-un vitse-kapitanı Georgios Tzavellas deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağı qəbul edən Yunanıstan təmsilçisi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Oyunla bağlı klubun rəsmi saytına danışan Tzavellas məyus olduqlarını bildirib. Zədədən yenicə qayıdan 28 yaşlı müdafiəçi bu nəticədən sonra növbəti mərhələ şanslarını çətinə saldıqlarını söyləyib: "Yolumuza bu istiqamətdə davam edə bilmərik. Nəyisə dəyişmək lazımdı. Bu gün hər zamankı oyunumuzu göstərə bilmədik. "Qarabağın da güclü oyun nümayiş etdirdiyini deyə bilmərəm. Ancaq onlar sona qədər səbrlə futbol oynamağa çalışdılar. Matça istənilən şəkildə köklənə bilməmişdik. Nəsə yanlışlıq var idi. Çalışacağıq bu görüşü unudaq. Çünki hələ heç nə bitməyib. Amma çətin ki, bu məğlubiyyət təsirsiz ötüşsün. Növbəti turda "Fiorentina ilə İtaliyadakı oyunda bütün gücümüzü ortaya qoymalıyıq ki, uğurlu nəticə əldə edək. Hazırda ilk iki yerdən uzaq düşmüşük. İndi ora düşmək üçün son iki matçda daha çox əziyyət çəkməli olacağıq.
Qeyd edək ki, Avropa Liqasının J qrupunda 4 turdan sonra "Fiorentina (10 xal) birinci, "Qarabağ (7) ikinci, PAOK (4) üçüncü, "Slovan (1) isə dördüncü pillədə qərarlaşıb.