Son vaxtlar kompakt oynaya bilmirik. Buraxdığımız səhvlər də bundan qaynaqlanır.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiyanın "Slovan" klubunun baş məşqçisi Yindrix Trpişovski deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə "Qarabağ"ı qəbul edəcək Liberets təmsilçisi ölkə çempionatının XIV turunda böyük hesablı məğlubiyyətə məruz qalıb. Belə ki, "Yablonets"in qonağı olan "Slovan" qapısından 3 cavabsız top buraxıb.

Ölkəsinin mətbuatına danışan Trpişovski komandasının hazırkı durumunu dəyərləndirib. 40 yaşlı məşqçi çoxlu fərdi səhvlər buraxdıqlarını, bu səbəbdən nəticə qazana bilmədiklərini deyib: "Buraxdığımız səhvlərə görə "Yablonets" bizi pis cəzalandırdı. Futbolçularla bu barədə danışacam. Hədəflərimizə çatmaq və nəticə qazanmaq üçün çalışırıq. Amma alınmır. Düşündüyümüz kimi oynaya bilmirik. Düzdü, ilk hissənin sonuna kimi pis təsir bağışlamadıq. Penaltini dəyərləndirə bilsəydik, hesab başqa cür ola bilərdi. Hesabı biz açmalı olduğumuz halda, rəqib bunu reallaşdırdı. Birinci və ikinci qolu "paltardəyişmə otağında" buraxdıq. Komandanın hazırkı durumu məni narahat etməyə bilməz. Cərimə zərbələrindən lazımınca yararlana bilmirik. Bu kimi amillər məqsədimizə çatmağa mane olur. Komanda əvvəl pozitiv ruhda oynayırdı, indi isə elə deyil. Bəxt də bizdən üz döndərib. Qarşıdakı oyunlara kimi dəyişiklik etməliyik".
Trpişovski təcrübəli futbolçu Milan Baroşun "Yablonets"lə görüşün ilk dəqiqələrində zədələnməsinə də toxunub: "Baroş əzələsindən zədələndi, buna görə də, onu 5-ci dəqiqədə əvəzlədim. Biz məşqlərimizi süni örtüklü meydanda keçiririk. Bu səbəbdən təbii örtüklü meydana keçəndə çətin olur. Bununla bəhanə axtarmaq istəmirəm".
"Qarabağ"la qarşılaşma haqda da fikirlərini bölüşən çalışdırıcı onları çətin oyun gözlədiyini bildirib: "Artıq fikrimizi bu görüşə yönəltmişik. "Qarabağ" güclü rəqibdi. Bu cür oyunöncəsi "Yablonets"ə ağır məğlubiyyət heç yaxşı olmadı. "Qarabağ"la görüşə kimi nəyisə dəyişmək lazımdı və bunun üçün bir neçə gün vaxtımız var. Hazırda çatışmazlıqlarımız çoxdu, onların hamısını aradan qaldırmağa isə çox vaxt lazımdı. Odu ki, "Qarabağ"la matçdan sonra da bunun üzərində işləyəcəyik".
Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Slovan" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da start götürəcək.