Prezident İlham Əliyev "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Müəyyən edilir ki, "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1.1.13-cü, 9-cu, 11.1-ci, 13-cü və 16-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir.

Gənclər və İdman Nazirliyi on gün müddətində "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1.1.13-cü maddəsinə uyğun olaraq, "Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxsin yaradılmasını və onun dövlət qeydiyyatına alınmasını təmin etməli; həmin Qanunun 9-cu maddəsinə uyğun olaraq, "Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxsin müşahidə şurasının tərkibini müəyyən etməli; həmin Qanunun 11.1-ci, 13-cü və 16-cı maddələrinə uyğun olaraq, Terapevtik İstifadəyə İcazə Komitəsinin, İntizam Komitəsinin və Apellyasiya Komitəsinin yaradılmasını təmin etməlidir.

Vergilər Nazirliyinə "Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılır.

Dövlət Gömrük Komitəsi "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dopinq yoxlama məqsədi ilə idmançılardan götürülmüş bionümunələrin gömrük sərhədindən keçirilməsinə zəruri şəraitin yaradılması, o cümlədən onların qablaşdırılmasının açılmaması üçün müvafiq tədbirlər görməlidir.