"Trabzonspor"da əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayev qış transfer dönəmində icarəyə verilə bilər.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, onun xidmətində maraqlı olan klublardan biri də "Neftçi"dir. Qardaş ölkədən olan həmkarlarımızın yaydığı xəbərə görə, "Trabzonspor" rəhbərliyi də Şeydayevin "Neftçi"yə icarəyə verilməsinə müsbət yanaşır. "Qara dəniz" təmsilçisi futbolçunun təcrübə toplaması üçün belə bir addım atmaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Zirə" ilə kubok oyunundan sonra verdiyi açıqlamada "Neftçi"nin qapılarının Şeydayevə və bütün milli üzvlərinə açıq olduğunu vurğulayıb. O bildirib ki, Şeydayev "ağ-qaralar"da oynamağa razı olsa, "Trabzonspor" rəsmiləri ilə danışıqlar apara bilərlər.
Onu da nəzərinizə çatdıraq ki, Şeydayev "Trabzonspor"un heyətində 3 rəsmi matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb.